Sual-Cavab

Qiymətli kağızların girov öhdəliyi ilə yüklü olub olmaması haqqında arayış necə verilir

Qiymətli kağızlara girov öhdəliyinin mövcud olub olmaması haqqında arayış qiymətli kağız sahibinin MDM-ə yazılı ərizəsi əsasında təqdim edilir. Ərizəyə müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə edilir.

Bağışlama üzrə qiymətli kağızların ötürülməsi zamanı hansı sənədlər tələb edilir?

Bağışlama əqdinin qeydiyyatı üçün tələb edilən sənədlər:
- Notarial qaydada bağlanmış bağışlama müqaviləsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
- Tərəflərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
- Ötürücü sərəncam (MDM-də hazırlanır);
- Bağışlama üzrə alan tərəfin depo hesabı olmadıqda, yeni depo hesabının açılması üçün zəruri sənədlər.


Bağışlama əqdinin qeydiyyatı üçün əqdin iştirakçısı olan hər iki tərəf MDM-də təmsil edilməlidirlər.
Bağışlama əqdinin qeydiyyatına MDM-in tarif cədvəlinə müvafiq xidmət haqqı ödənilir.

Vərəsəlik üzrə qiymətli kağızların ötürülməsi zamanı hansı sənədlər tələb edilir?

Vərəsəlik əməliyyatının həyata keçirilməsi üçün tələb edilən sənədlər:
– vərəsəlik şəhadətnaməsinin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;
– varisin şəxsiyyətini təsdiq edən sənədin surəti;
– vərəsəlik üzrə sərəncam (MDM-də hazırlanır);
– varisin (varislərin) depo hesabı olmadıqda, yeni depo hesabının açılması üçün zəruri sənədlər.
Vərəsəlik əməliyyatının həyata keçirilməsi üçün MDM-in tarif cədvəlinə müvafiq xidmət haqqı ödənilir.
Qeyd: Vərəsəlik şəhadətnaməsinin hazırlanması üçün sənədləri hazırlayan müvafiq notariat kontoru ilkin olaraq vəfat etmiş şəxsin depo hesabında mövcud olan qiymətli kağızlar barədə MDM-ə sorğu ünvanlayır. Sorğuya cavab əsasında isə Vərəsəlik şəhadətnaməsi hazırlanır.

Səhmdar Cəmiyyəti haqqında məlumatları Səhmdar haradan əldə edə bilər?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-2.3. maddəsinə müvafiq Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.3.2. maddəsinə müvafiq olaraq səhmdar qanunvericiliklə müəyyən edilmiş qaydada, Səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququna malikdir.

Qiymətli kağız sahiblərinin reyestrini götürmək üçün MDM-ə Emitentin rəhbər şəxsinin əvəzinə etibarnamə ilə başqa şəxs müraciət edirsə, etibarnamə hansı formada tərtib edilməlidir?

Qiymətli kağız sahiblərinin reyestri qanunvericiliyə müvafiq olaraq Emitentin (Səhmdar Cəmiyyətinin, MMC-nin və s.) rəhbər şəxsinə (İdarə Heyətinin sədrinə və ya direktora) təqdim edilir.
Emitentin rəhbər şəxsi müəssisənin adından qiymətli kağız sahiblərinin reyestrini götürmək üçün başqa şəxsə (həmin müəssisədə işləyən) etibarnamə verdikdə, etibarnamənin Emitentin möhürü və rəhbərin (İdarə Heyətinin sədri və ya direktorun) imzası ilə təsdiqlənməsi kifayətdir. Etibarnamə ilə çıxış edən şəxs həmin müəssisənin işçisi olmadığı halda etibarnamə notarial qaydada təsdiq edilməlidir.
Rəhbərin fiziki şəxs kimi başqa şəxsə verdiyi etibarnamə müəssisənin adından çıxış etməyə hüquq vermir.

Qiymətli kağız mülkiyyətçisi xarici vətəndaş və yaxud xaricdə yaşayan yerli vətəndaş olduğu halda, təqdim edilən etibarnamə necə olmalıdır?

Xarıci vətəndaş və ya xaricdə yaşayan yerli vətəndaş tərəfindən MDM-də və ya MDM-in üzvündə əməliyyatın aparılması üçün təqdim olunacaq etibarnamənin 1961-ci il tarixli Haaqa Konvensiyasının və “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq leqallaşdırılması tələb edilir. Leqallaşdırılma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Bununla yanaşı təqdim olunacaq etibarnamə leqallaşdırıldıqdan sonra notarial qaydada azərbaycan dilinə tərcümə olunmalıdır.

QEYD: «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın iştirakçılarına sənədlərin leqallaşdırılması ilə bağlı tələblər şamil olunmur.

Əlavə:

1. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində AR Qanunu

2. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya

3. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın təsdiq edilməsi barədə AR Qanunu

Səhmdarları ümumi yığıncağa çağırma qaydası necədir?

Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.

Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq).

Səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir.

Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir.

Səhmdar cəmiyyəti tərəfindən dividendlərin verilib-verilməməsi necə müəyyən edilir?

Səhmlər üzrə dividendlər Səhmdar cəmiyyətinin xalis mənfəətdən verilir. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.

Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir.

Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır.

Qiymətli kağız mülkiyyətçilərinə depo hesabı necə açılır?

Depo hesabı – MDM və ya onun üzvü olan investisiya şirkəti tərəfindən deponentlər üçün onların müraciəti əsasında açılır. Depozitar sistemində deponentə bir neçə depo hesabı açıla bilər. Depo hesabı açıldıqda hesab operatoru olan MDM və ya onun üzvü ilə deponent arasında depo hesabının açılması üzrə müqavilə bağlanılır.
Depo hesabı açıldıqda aşağıdakı sənədlər MDM və ya onun üzvünə təqdim olunur:
i. Rezident fiziki şəxslər üzrə:
· Hesabın açılması üçün ərizə;
· Şəxsiyyət vəsiqəsi;
· Şəxsi məlumatlar anketi (Forma №1).
ii. Qeyri-rezident fiziki şəxslər üzrə:
· Hesabın açılması üçün ərizə;
· Şəxsiyyəti təsdiq edən sənəd;
· Şəxsi məlumatlar anketi (Forma №1).
iii. Rezident hüquqi şəxslər üzrə:
· Hesabın açılması üçün ərizə;
· Hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
· Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və ya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti.
· Hüquqi şəxsin qanuni təmsilçisinin təyin olunması barədə sənəd;
· Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
· Şəxsi məlumatlar anketi (Forma №2).
iv. Qeyri-rezident hüquqi şəxslər üzrə:
· Hesabın açılması üçün ərizə;
· Hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə sənəd;
· Hüquqi şəxsin qanuni təmsilçisinin təyin olunması barədə sənəd;
· Şəxsi məlumatlar anketi (Forma №2).


MDM-in üzvü tərəfindən açılmış hesablar üzrə tələb olunan sənədlərin əsli həmin MDM-in üzvündə saxlanılır və tələb olunduqda MDM-ə təqdim edilir.