Mərkəzi Depozitar

Mərkəzi depozitar - onun üzvləri olan investisiya şirkətləri və investisiya fondunun depozitarları ilə birlikdə depozitar sistemini təşkil edən və həmin sistemi idarə edən maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir.

Mərkəzi depozitarın vəzifələri aşağıdakılardır:

1. Qiymətli kağızların saxlanması və uçotunun aparılması;

2. Qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;

3. Qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;

4. Qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;

5. Nominal saxlayıcıların hesablarının uçotunun aparılması;

6. Qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;

7. Öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına qanunvericilikdə nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi;

8. Müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;

9. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələr.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mərkəzi depozitar müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikasında “Mərkəzi depozitar” sözlərindən öz adında yalnız Milli Depozit Mərkəzi istifadə edə bilər.