İstiqrazlar

İstiqraz - borc qiymətli kağızların bir növü olmaqla, sahibinin müəyyən olunmuş müddətdə emitentdən həmin kağızın nominal dəyərini və nominaldan faiz və ya diskont şəklində təsbit olunmuş gəlir əldə etmək hüququna təminat verən sənəddir.

Gəlirliyə görə istiqrazlar aşağıdakı növlərə bölünür:

  • Sabit dərəcəli istiqraz - kuponu dəyişməz qalan istiqrazdır;
  • Üzən dərəcəli istiqraz - kuponu müəyyən faizin dəyişiminə uyğunlaşdırılan istiqrazdır;
  • Konvertasiya oluna bilən istiqraz - investora, istiqrazı şirkətin səhmlərinə dəyişmək imkanı verən istiqrazdır;
  • İnflyasiyaya bağlı istiqraz - kupon ödənişi və nominal dəyəri inflyasiyaya görə dəyişə biləcək istiqrazdır;
  • Diskontlu istiqraz - qiyməti nominal dəyərindən aşağı olan kuponsuz istiqrazdır.

Dövriyyə müddətinə görə istiqrazlazlar qısamüddətli, ortamüddətli və uzunmüddətli ola bilərlər.

  • Qısamüddətli istiqraz - dövriyyə müddəti bir ilədək olan istiqrazdır.
  • Ortamüddətli istiqraz - dövriyyə müddəti bir ildən üç ilədək olan istiqrazdır.
  • Uzunmüddətli istiqraz - dövriyyə müddəti üç ildən artıq olan istiqrazdır.

İstiqrazlar bazar və nominal qiymətinə malikdirlər. İstiqrazın nominal qiyməti onun emitenti tərəfindən, bazar qiyməti isə qiymətli kağızlar bazarında olan şəraitlə müəyyən olunur.

Hal-hazırda Azərbaycan Respublikasının kapital bazarında dövlət istiqrazları, korporativ istiqrazlar və Mərkəzi Bankın qısamüddətli notları mövcuddur.

  • Dövlət istiqrazı - dövlət tərəfindən emissiya edilən istiqrazdır. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub, hər hansı bir fövqəladə hadisə ilə əlaqədar tələb olunan xərclərin qarşılanması və ya digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaitin əldə olunması məqsədi güdür.
  • Korporativ istiqraz - özəl müəssisə tərəfindən əlavə vəsait cəlb etmək məqsədi ilə emissiya edilən borc qiymətli kağızıdır.
  • Mərkəzi bankın notları - Mərkəzi Bank tərəfindən bir ilədək müddətə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istiqrazların nominalı milli və ya xarici valyutada ifadə oluna bilər.