MDM-nin İnkişaf Strategiyası

Hörmətli kapital bazarı iştirakçıları,

Məlum olduğu kimi, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə hazırlanan Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin(MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası təsdiq edilmişdir.

Strategiya çərçivəsində MDM-in transformasiyası, o cümlədən təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş imkanlar təqdim edən və qüsursuz əməliyyat çərçivəsi olan bir quruma çevrilməsi, qiymətli kağızlar üzrə hesablaşmalar və kastodian xidmətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulub. Strategiyada MDM-in fəaliyyət istiqamətlərinin inkişafı, əməliyyat və xidmət effektivliyinin artırılması, etibarlı, dayanıqlı, yüksək imicli təsisatın qurulması, effektiv iş mühitinin və peşəkar komandanın formalaşdırılması kimi strateji hədəflər müəyyən olunub. MDM-in fəaliyyət istiqamətlərinin inkişafı xidmət çeşidliliyinin artırılması, mərkəzi kontragent modelinin formalaşdırılması və kapital bazarı ekosisteminin inkişafına dəstəyi kimi strateji təşəbbüsləri ehtiva edir. Əməliyyat və xidmət effektivliyinin artırılması hədəfi çərçivəsində tam funksional və çevik İT infrastrukturun yaradılması, rəqəmsallaşma səviyyəsinin artırılması, müştəri mərkəzli yanaşmaya keçid və maliyyə idarəetməsi sisteminin inkişafı nəzərdə tutulub. Etibarlı, dayanıqlı, yüksək imicli təsisatın qurulması hədəfi üzrə təşəbbüslər risklərin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, ƏL/TMM komplayens nəzarət mexanizmlərinin inkişafı, informasiya təhlükəsizliyinin gücləndirilməsi və korporativ imicin formalaşdırılmasıdır. Effektiv iş mühitinin və peşəkar komandanın formalaşdırılması insan resurslarının idarəedilməsi üzrə proseslərin təkmilləşdirilməsi, korporativ mədəniyyətin inkişaf etdirilməsi və sağlam və effektiv iş mühitinin yaradılması təşəbbüslərini özündə əks etdirir. 

Həmçinin, inkişaf strategiyamızın mərkəzində MDM-in yeni missiyası, strateji baxışı və dəyərləri təşkilatımızın uzunmüddətli hədəflərinə xidmət edəcək şəkildə müəyyən olunub.  

MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının hədəflərinin və prioritetlərinin uğurla həyata keçirilməsi ölkəmizin kapital bazarının inkişafına əhəmiyyətli töhfə verəcək.

Hörmətlə,
Elçin Əlizadə
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Müşahidə şurasının sədri

MDM-in strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası