17 oktyabr 2019-cu il tarixində nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının 12-ci, cari il üzrə 4-cü faiz ödənişi baş tutub. Nəticə etibarilə, ümumilikdə 1 milyon 250 min dollar vəsait istiqraz sahibləri arasında bölüşdürülüb və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəlib. Xatırladaq ki, Milli Depozit Mərkəzi SOCAR istiqrazlarının kupon ödənişləri üzrə Ödəniş agenti qismində çıxış edir.

SOCAR istiqrazları yüksək gəlirlilik, yüksək likvidlik, alqı–satqı əməliyyatlarının asanlığı kimi xüsusiyyətlərə malik olmaqla Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır. Qeyd edək ki, istiqraz sahibləri hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazları Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki faiz dərəcəsi 9–10%-dək enmiş olur.

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişinin 2020-ci ilin yanvar ayının 17-də baş tutacağı gözlənilir.